44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərlə əldə etdiyimiz nəticələr özünün məntiqi sonuna doğru yaxınlaşır. Son addım olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub.
Yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və nəzarət-buraxılış məntəqəsindən Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə deyilib.
Qeyd edək ki, aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir. Məhz dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində sərhədlərimizə nəzarət prosesinin yekunlaşmasına addım-addım səbrlə yaxınlaşdıq.
Prosesin əvvəlinə nəzər salsaq 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Ermənistanın təkidlə Laçın rayonu ərazəsində 20 kilometr enində dəhliz istəməsi, bu ərazilərə nəzarətin İrəvanın səlahiyyətində olması şərtini irəli sürməsi elə həmin ərəfədə Azərbaycan Prezidentinin barışmaz mövqeyi, dəmir iradəsi ilə qarşılaşdı. Nəticə olaraq dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar üçtərəfli bəyanatda əksini tapdı. Keçən müddət ərzində Ermənistanın bu müddəaların reallaşmaması üçün əl atdığı təxribatlar heç bir nəticə vermədi. 2022-ci ilin sentyabrında Laçının mərkəzi qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçdi. Sentyabrın 21-də isə Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan olaraq Laçına səfər edərək Azərbaycan bayrağını ucaltdı.
Hələ o zaman dövlət başçısı bildirmişdi ki, Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq: "Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq".
İlham Əliyevin o zamankı çıxışı bu gün yaşadığımız tarixi hadisələrin ilkin xəbərçisi idi. Təbii ki, sərhədlərimizə nəzarətin tam bərpası heç də asan olmayıb. Ekoaktivisglərin Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlaması, ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkilməsi, Ermənistan və havadarlarının Azərbaycana qarşı dünyada kampaniya təşkil edilməsi, təzyiqlər göstərilməsi, xarici mediada Azərbaycana qarşı qara piar kampaniyası, guya Azərbaycanın Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi və s. iddialar bu gün də davam edir.
Lakin Azərbaycanın hərəkətə gətirdiyi lokomativ dayanmır. Bu lokomativin əsas təkanverici gücü isə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, xalqının ona olan inamıdır. Məhz bu amillər dövlətimizin haqq işində üzləşdiyimiz təzyiqlərin dəf edilməsində əsas amillərdir.
Hər zaman olduğu kimi, Ermənistan hakimiyyətinin çarəsizliyi bu dəfə də gözlərdən yayınmır. Paşinyan ənənəsinə sadiq qalaraq yenə də Rusiya, Avropa İttifaqı və daha neçə-neçə ölkələrin təşkilatların başçılarına zəng edərək şikayətlənir, revanşistlər isə çarəsiz şəkildə sərhəddəki Azərbaycan bayrağına sadəcə kənardan baxmaqla kifayətlənirlər. Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin qurulması Azərbaycanın ictimai-siyasi kəsimi tərəfindən də alqışlanır.
Ədalət Verdiyev, hərbi ekspert:
- Laçın ərazisindən Ermənistana keçən yollar bir neçə mərhələdə nəzarətə alınıb. Əvvəl Ermənistanın Qarabağla əlaqəsini təmin edən Laçın yolu, daha sonra isə əsas və köməkçi torpaq yollar nəzarətə götürüldü. İndi isə Həkəri çayının üzərindən keçən son alternativ yolun üzərində sərhəd nəzarət-buraxılış məntəqəsini qurduq. Bununla da Ermənistandan Qarabağa silah-sursat daşınmalarının qarşısını alacağıq. Bu, təbii olaraq rusların müvəqqəti nəzarətində olan ərazilərdə qalan ermənilərin silah-sursatla təminatında ciddi problemlərə yol açacaq. Nəticə etibarilə erməni silahlılarının müqavimət potensialının zəifləməsi və onların təmizlənməsi zamanı Azərbaycan tərəfinin itkilərini minimallaşdırılması ilə nəticələnəcək. Ermənistan özünün ərazilərində kifayət qədər sərhəd-buraxılış məntəqələri qura bilər. Bunun bizə heç aidiyyəti yoxdur və fəaliyyətimizə də heç bir maneə yaratmır. Bizim Ermənistana göndərəcəyimiz yük yoxdur. Ermənistanda sərhəd-buraxılış məntəqəsinin qurulması onların özü üçün lazım olan faktordur. Ola bilər ki, Ermənistan öz vətəndaşlarının Qarabağa keçməsini məhdudlaşdıracaq.
Şair Ramaldanov, hərbi ekspert:
- Azərbaycan sərhəd xidmətinin Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmasını çox böyük hadisə və nailiyyət kimi dəyərləndirirəm. Laçın yolu nəzarətsiz qalan ərazi idi. Həmin yol vasitəsilə Ermənistandan Azərbaycana qanunsuz silah-sursat daşınırdı. Vətən müharibəsi zamanı bizim sərhədçilərimiz Xudafərin qəsəbəsini azad edərək Ali Baş Komandana məruzə etmişdilər. Bu gün Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması məhz Xudafərin qəsəbəsinin azad edilməsi miqyası kimi böyükdür. Laçın dəhlizinin nəzarətsiz olan zaman, müəyyən öhdəliklər götürsə də, Rusiya sülhməramlı qüvvələri Ermənistandan Qarabağa yüklərin daşınması, arzuolunmayan şəxslərin ərazilərimizə girib-çıxmasına şərait yaradaraq, Azərbaycan qanunlarına zidd mövqe nümayiş etdirirdilər. Ermənistandan revanşist qüvvələrin ölkəmizə daxil olması, Azərbaycanda təbii sərvətlərin talanması, gizli yolla döyüş sursatlarının gətirilməsi, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana – Qarabağa gətirilməsi üzündən bu gün qanunsuz erməni silahlı dəstələrinin sayı 10 minə gəlib çıxıb. İkinci Qarabağ savaşında əldə olunan qələbədən sonra 2021-ci il istehsalı olan minaların məhz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə postların minalanması, bir neçə gün öncə Azərbaycan hərbi maşınının minada partlaması və hərbçilərimizin xəsarət almaları və digər amillər Laçın dəhlizindən humanitaryönlü istifadə edilmədiyini təsdiqlədi. Başqa yüklərin, şəxslərin daşınması sərhəd məntəqəsinin qurulmasını zəruri edirdi. Laçında sərhəddə postun yaradılması bütün yüklərin, şəxslərin giriş-çıxışını nəzarət altında saxlayacaq. Bütün proseslər Rusiya sülhməramlıları ilə razılaşdırılmış şəkildə aparılacaq. Əsas odur ki, biz başqa yerlərdən qaçıqmalçılıq yolu ilə hərbitəyinatlı yüklərin Azərbaycana keçməsinin qarşısını almış olacağıq. Bu, Azərbaycanın suveren haqqıdır və heç bir beynəlxalq tələblərə zidd deyil. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev baş verən məlum erməni təxribatlarına əsasən, Qarabağda nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında öz fikrini söyləmişdi. Nəhayət, bu gün Ermənistan tərəfinin üçtərəfli Bəyannaməyə zidd olaraq öz sərhəd ərazisində nəzarət postu yaratması Azərbaycanın adekvat addım atması üçün şərait yaratdı. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 4 aya yaxındır, aksiya keçirən ekofəalların tələblərini ödəməklə, dayandırıla da bilər. Dövlət Sərhəd Xidmətinin peşəkarlığı nəticəsində Azərbaycanın yeganə nəzarətsiz qalan sərhədi – Laçın dəhlizi nəzarət altına alınıb. Bu, artıq Azərbaycanın Laçın rayonuna qayıdışın təhlükəsizliyini təmin etməklə yanaşı, bundan sonra qanunsuz siahlı dəstələrin tərk-silah edilib çıxarılmasının başlanğıcıdır. Gələcəkdə separatçıların, qanunsuz silahlıların ərazidən çıxarılması, orada reinteqrasiya məsələlərinin daha da sürətlə inkişaf etdirilməsi üçün böyük rol oynayacaq. Sərhəd mexanizminin qurulmasını Qarabağ İqtisadi Zonasının Azərbaycanın müfaviq qurumlarının nəzarətinə keçməsinin başlanğıcı kimi də qəbul etmək olar. Prezidentin “Nəyi, nə zaman edəcəyimizi yaxşı bilirəm” fikri dəfələrlə təsdiqini tapdı. Cənab Prezident bu prosesin zərurətini praktiki şəkildə həyata keçirdi. Bununla da dövlət sərhədinin nəzarət mexanizminin yaradılması yeni, tarixi strateji əhəmiyyətli qərar kimi qəbul etmək olar. Bu, ərazi bütövlüyümüz, suverenliyimizin tam təmin olunmasının növbəti mühüm təntənəsidir. Sülh müqaviləsinin bağlanması və digər öhdəliklərin yerinə yetirilməsi də təmin olunacaq. O təminatın nə zaman baş verəcəyini cənab Prezident yaxşı bilir”.
Rəşad Bayramov, politoloq:
- Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması zəruri idi. Çox təəssüf ki, həmin yola nəzarət etməli olan Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirməyərək və ya yetirmək istəməyərək bir çox halda Ermənistan tərəfinin bu özbaşınalığına göz yumur və hətta həmin silahların daşınmasında iştirak edirdilər. Nəticədə, həmin yolun nəzarətdən kənarda qalması faktiki olaraq separatçı rejimin silahlandırılmasına, ərazilərimizdə hələ də qalmaqda davam edən 10 mindən artıq terrorçu erməni hərbi birləşmələrinə silah-sursat və mina daşınmasına xidmət edirdi. Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı öhdəlik götürüb. Əgər biz həmin yola nəzarət etmiriksə və o yoldan kim istəsə, nə istəsə daşıya bilərsə, o zaman verdiyimiz öhdəliyi necə yerinə yetirə bilərik? Axı bu öhdəlik, eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını da ehtiva edir. Demək ki, müvafiq sərhəd-buraxılış məntəqəsinin qurulması zəruri idi və bu da həyata keçirildi. Başqa sözlə desək, Azərbaycan sərhəd-buraxılış məntəqəsi qurmaqla faktiki olaraq təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib.
Düşünürəm, bu hadisə tək qanunsuz hərbi birləşmələrin təchizatının qarşısını almayacaq, eyni şəkildə bu addım həm də üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər vəchlə yayınan və sülh danışıqlarını sabotaj edən Ermənistan tərəfini də məcbur edəcək ki, ağlını başına yığsın və revanşist bəyanatlar səsləndirməklə, müxtəlif yollardan istifadə edərək separatçı rejimə dəstək verməklə nəyəsə nail olmağın mümkün olmayacağını dərk etsin.
Ayrı-ayrı ölkələrin, ABŞ və Fransanın məsələyə münasibətinə gəldikdə isə, hər birinin regionda maraqları var. Bu dövlətlər öz maraqlarını Azərbaycanla Ermənistan arasında münasibətlərdən istifadə edərək təmin etmək istəyirlər. ABŞ bu cür bəyanatlarla Ermənistanın yanında olduğu görüntüsü yaradaraq, Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır. Fransa isə 30 il ərzində olduğu kimi, yenə də kiçik bacısına dəstək verməklə Ermənistan üzərindən regiona təsir imkanları əldə etmək istəyir. Düşünürəm, onların mövqeləri quru bəyanatlardan uzağa getməyəcək. Həm ABŞ, həm də Fransa Azərbaycanın öz sərhədlərində buraxılış məntəqələri qurmasının Qarabağda olan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatına problem yaratmadığını yaxşı bilir. Sərhəd-buraxılış məntəqəsi mülki şəxslərin və yüklərin daşınmasına hər hansı problem yaratmır. Problemlə Ermənistandan Azərğaycan ərazisinə əvvəlki kimi silah-sursat, canlı qüvvə və xüsusilə də minalar daşımaq istəyənlər üzləşəcəklər, çünki belə daşımalar artıq mümkün olmayacaq.
Digər tərəfdən, Ermənistan Soçi və Praqa görüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyib, tərəflərin Almatı Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun birgə hərəkət etməsi qeydə alınıb. Eyni zamanda, Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair Soçi və Praqa görüşlərinin əhəmiyyətini vurğulayıb. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması həm də beynəlxalq hüquqa söykənir. Öz sərhədlərində buraxılış məntəqəsi və ya gömrük postları qurmaq hər bir ölkənin suveren hüququdur. Bu mənada demək olar ki, Azərbaycanın adı çəkilən ərazidə sərhəd-buraxılış məntəqəsi qurması həm də beynəlxalq hüququn fundamental norma və prinsiplərindən irəli gəlir. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi, ümumiyyətlə, regionun təhlükəsizliyinə də öz töhfəsini vercəkdir.
Elxan Şahinoğlu, politoloq:
- ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bunun 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil. Kreml həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb, nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Digər tərəfdən bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edirlər. Minsk qrupunun dağılmasında bu amilin də rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri “Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyantına riayət etmək lazımdır”. Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparırsınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması sizin üçün istisnadır?... Sərhədlərimizdə keçid-məntəqələri yaradırıq, kimsə işimizə qarışa bilməz, verdikləri bəyanatlar, sadəcə, erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır. Yəni, Vaşinqton və Paris ermənilərə deyirlər ki, “Biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın”. Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər”.